Beynəlxalq Mühasibat Uçotuna keçid niyə ləngiyir?

Print

Məlumdur ki, Azərbaycan Respublikası hazırda Beynəlxalq Mühasibat Uçotu Standartlarına (BMUS) keçid şəraitindədir və bu sahədə ölkəmizdə 2001-ci ildən başlayaraq iş aparılmaqdadır. Faktiki olaraq fəaliyyət göstərən müəssisə və təşkilatlardan yalnız 28 ictimai əhəmiyyətli qurum bu sistemə keçmişdir. Bu müəssisələrin siyahısına Dövlət Neft Şirkəti, Azərcell, Azal, BakıElektrikşəbəkə və s. kimi iri şirkətlər daxildir. Bu şirkətlər hazırda öz uçot və hesabatlarını beynəlxlaq sistemə (ÍFRS-ın prinsipləri) uyğun olaraq aparır və hesabatlarını Maliyyə Nazirliyinin sifarişi ilə hazırlanmış SAP proqramı üzrə hazırlayırlar.

Bildiyimiz kimi 2008-ci ilin yanvar ayından başlayaraq artıq digər kommersiya və qeyri-kommersiya qurumları da öz uçot və hesabatlarını beynəlxlaq sistemə uyğun olaraq aparmalı idilər. Lakin bu prosesdə onlara yaxından yardım və ciddi məcburiyyət olmadığına görə müəssisələrin keçməsi hələ ki, ləng gedir. Yalnız xarici şirkətlər istisna olmaqla digər qurumlar ya ümumiyyətlə beynəlxalq mühasibat uçotu sisteminə keçməyi düşünmür, ya da ki, yeni sistemə adoptasiya etməklə bağlı müəyyən çətinliklərlə qarşılaşırlar.   

 Bəs beynəlxlaq mühasibat uçotu sisteminə keçidi ləngidən hansı problemlər var?

 Fikrimizcə Azərbaycanda bu prosesin ləng getməsinə təsir edən aşağıdakı problemlər mövcuddur:

  1. Bu sahədə illərdir çalışan mövcud kadrların yeni sistemə keçməyə meylinin az olması. Məlumdur ki, Azərbaycanda çalışan əksər mühasiblərin yaşı 40-dan çoxdur. Araşdırmalar göstərir ki, bu yaşdan sonra kadrların yeni sistemə keçmək meyli ya az olur, ya da ki, onu qavraya bilmirlər. Azərbaycanda da uzun illərdir köhnə sistemi tətbiq etməyə vərdiş etmiş mühasiblərin əksəriyyəti təzə sistemə alışqanlıq kompleksi içərisindədirlər.
  2. Keçidlə bağlı ikinci problem müəssisə rəhbərlərinin artıq yeni sistemi tətbiq etməyin vaxtı çatmasını tam dərk etməməsidir. Əgər tam dərk etsəydilər, onda öz mühasiblərinin təhsillərini artırmalaraına maliyyə vəsaiti ayırardılar. Aydındır ki, bu cür kurslar baha olduğundan mühasiblər öz vəsaitləri hesabına bunu edə bilməzlər.
  3. Azərbaycanda fəaliyyət göstərən mövcud kursların Təhsil Proqramının düzgün təşkil edilməməsidir. Qeyd edək ki, bu günkü gündə Azərbaycanda fəaliyyət göstərən mövcud kursların əksəriyyəti kursları xarici dildə apararaq Beynəlxalq Mühasibat Uçotu adı altında Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını (İAS və İFRS-ları) öyrədirlər. Çox mühasib var ki, hələ də Beynəlxalq Mühasibat uçotu dedikdə elə bunları başa düşürlər. Halbu ki, bu hesabatlar müəyyən fərqli cəhətləri olmaqla köhnə uçotda da var idi. Fərq yalnız onların hazırlanmasındakı texnikadadır. Demək problem hesabatların strukturunu öyrətmək deyil, hazırlanma texnikasının mükəmməl öyrədilməsidir. Məsələ bursındadır ki, yerli uçotda əməliyyatların qeydiyyatı ilə hesabatların hazırlanması arasına birbaşa əlaqə yoxdur. Beynəlxlaq uçotda isə mühasib əməliyyatların qeydiyyatını aparan zaman ən azı 3 hesabatı eyni anda hazırlamış olur. Məhz bunu tətbiq etmək üçün mühasib gərək Beynəlxalq uçotda tətbiq olunan təktərəfli və ikitərəfli qeydiyyat üsulunu mükəmməl bilməlidir. Qeyd edək ki, yerli uçotda tətbiq olunan ikitərəfli qeydiyyat üsulu ilə beynəlxalq arasında ciddi fərqlər var. Həmçinin oradakı hesablar planının elementləri ilə yerli hesablar plabnının elementlərui arasında da fərqlər vardır
  4. Beynəlxalq mühasibat uçotunun nəzəri-praktik əsaslarına aid azərbaycan dilində dərslik və ədəbiyyatların olmaması. Bu problem tələbə və mühasiblər arasında beynəlxa mühasibat uçotunun nəzəri əsasları barədə məlumatsızlığa gətirib çıxarmışdır. Qeyd edək ki, beynəlxalq maliyyə hesabatlarına aid bir neçə kitab tərcümə olunsa da, hələ də beynəlxlaq mühasibat uçotunun nəzəri əsaslarına dair azərbaycan dilində heç bir kitab yoxdur.
  5. İqtisadi sahədə təhsil verən universitetlərimizdə hələ də köhnə yerli uçotun tədris olunması. Araşdırmalar göstərir ki, yalnız özəl universitetlərdə beynəlxlaq səviyyəyə uyğun maliyyə və idarəetmə uçotu dərsləri keçilir. Dövlət universitetlərində, hətta Dövlət İqtisad Universitetində belə (Xüsusi İstedadlar Qrupu –XİQ istisna olmaqla) bu dərslər keçirilmir. Buna səbəb dövlət səviyyəsində bu sahədə ciddi tədbirlərin görülməməsidir.
  6. Beynəlxalq uçotla yerli uçot arasında nəzəri-metodoloji fərqlərin olması. Bildiyimiz kimi, maliyyə hesabatlarının hazırlanması uçot prosesinin sonuncu mərhələsidir. Hesabatların hazırlanmasının beynəlxalq standartlara uyğun hazırlanması isə uçot prosesinin də beynəlxalq nəzəri metodoloji əsaslara uyğun aparılmasını tələb edir. Azərbaycandakı mövcud uçot sistemini beynəlxalq uçot sistemi ilə müqayisə etdikdə əsaslı metodoloji fərqlərin olduğunu görürük. Belə ki, mövcud uçot və hesabatın hazırlanması prosesi hələ də keçmiş Sovet dövründən qalmış metodoloji əsaslarla aparılmaqdadır. Və bu problem BMUS-a keçid şəraitində olan Azərbaycanda dünya ölkələri tərəfindən ümumi qəbul olunmuş uçotun nəzəri-metodoloji sistemi ilə mövcud tətbiq olunan uçotun nəzəri sistemi arasında müəyyən uyğunsuzluqlara gətirib çıxarmışdı. Məhz bu problem hazırda Azərbaycan mühasiblərinin maliyyə hesabatlarını beynəlxalq səviyyədə hazırlamasına mane olan səbəblərdən biridir.

 Yuxarıda qeyd olunan problemləri həll edilməsi üçün bir sıra tədbirlərin görülməsinə ehtiyac vardır. Belə ki, qeyd olunan problemləri təhlil etdikdə belə bir nəticəyə gəlmək olar ki, Aəzrbaycanda BMUS-a keçid şəraitində ümumi qəbul edilmiş mühasibat uçotunun nəzəri (konseptual) əsasları barədə bilik azlığını aradan qaldırmaq və milli peşəkar mühasiblərin maliyyə hesabatlarını beynəlxalq səviyyədə hazırlamalarına dəstək göstərmək lazımdır. Belə ki, hələ də azərbaycan dilində müvafiq elmi və tədris vəsaitləri yoxdur və problemin aradan qaldırılması üzrə görülən tədbirlərin sayı çox azdır.

Last Updated ( Saturday, 27 June 2009 16:26 )