JA slide show
 
AZE  ENG

Bizim ölkə dünya iqtisadiyyatına  inteqrasiya prosesindədir.            

Şirkətimiz yerli sahibkarlara yüksək səviyyəli xidmətlər təklif etməklə bu prosesə dəstək verir.

ISO 14001

E-mail Print PDF

      İSO 14001: 2004 Ətraf mühitin idarəetə sistemi

Müxtəlif təşkilatlar öz fəaliyyətlərinin, məhsullarının və xidmətlərinin ətraf mühitə təsiri ilə bağlı ətraf mühit siyasəti və məqsədlərinə əsasən yüksək göstərici əldə etməkdə çox maraqlıdırlar. İSO 14001 standartı müvafiq müəssisənin ətraf mühitə dair əməliyyatlarının düzgün idarə və nəzarət etməyə imkan verən sistemin yaradılmasını və daimi tətbiq edilməsini irəli sürür. Beləliklə, İSO 14001 Ətraf mühitin idarə olunmasına dair tələbləri əks etdirən sənəddir. Bu sənəd sertifikatlaşdırma məqsədləri üçün istifadə edilir. İSO 14001 bütün növ müüəssisələrdə və bütün sənaye sahələrində istifadə edilə bilər. O bütövlükdə müəssisədə və ya onun bir hissəsində həyata keçirilə bilər.

Standartın mühüm elementini onun davamlı inkişafa xüsusi diqqət verməsi təşkil edir. Beləliklə bir çox kompaniyalar İSO 14001-i tətbiq etməklə həqiqətən də gəlirliliyini artıra bilərlər.

Ətraf mühit menecment sistemini tətbiq edərkən muraciət ediləcək əsas tələblər aidiyyatı üzrə həm milli, həm də beynəlxalq standartlarda və qanunvericilikdə təsvir edilmişdir.
Standartın əsas prinsiplərinə aşağıdakılar daxildir:

  • təbii resurslardan istifadə uzunmüddətli olmalıdır, yəni istifadə norması bərpaetmə imkanından aşağı olmalıdır
  • bərpaedilə bilməyən resurslar yalnız qənaətlə istifadə edilməli və gələcəyi hesaba almalıdır
  • yeni texnologiyalar onların bərpaedilə bilməyən resurslardan istifadə nəticəsində yaranan itkilərin yerini doldurmaq qabiliyyəti hesaba alınmaqla inkişaf etdirilməlidir
  • harada imkan varsa bərpaedilə bilməyən resurslarla müqayisədə bərpaedilə bilən resurslardan istifadəyə üstünlük verilməlidir

      İSO 14001-in əsas bəndləri
      İSO 14001 beynəlxalq səviyyədə qəbul edilmiş bir standart olaraq aşağıdakı menecment nəzarəti müddəalarını əks etdirir:

  • Ətraf mühit sahəsində siyasət.  Standarta görə  müəssisə  rəhbərliyi  təşkilatın ətraf mühit  siyasətini   müəyyənləşdirməli  və müəyyənləşmiş çərçivə də aşağıdakılarla təmin etməlidir: 

      a) təbiət və ətraf mühitə fəaliyyət, məhsul və xidmətlərinin təsirinin ölçüsü;
b) çirklənmənin qarşısının alınmasının davamlı inkişafı və səy göstərilməsi;
v) ətraf mühit aspektləri ilə bağlı hüquqi və digər tələblərə güzəştə getmək;
q) ətraf mühit məqsəd və hədəflərini qurmaq, təhlil etmək üçün qaydalarla təmin etmək;
ğ) sənədləşdirmək, yerinə yetirmək və saxlamaq;
d) təşkilatda işləyən bütün şəxslərə çatdırılmaq və;
j) hər kəs üçün əldə oluna bilmək.

  • Planlaşdırma və inkişaf. Standarta əsasən təşkilat aşağıdakı qaydaları yaratmalı, müəyyənləşdirməli və saxlamalıdır:

a) fəaliyyətindəki, ətraf mühiti idarəetmə sisteminin müəyyən etdiyi çərçivədəki məhsul və xidmətlərinin ətraf mühit aspektlərini müəyyənləşdirməli;

b) ətraf mühitə xüsusilə təsir edən və ya edə biləcək aspektləri müəyyənləşdirməli. Təşkilat bu məlumatı sənədləşdirməli və tarixinə uyğun həyata keçirməlidir. Təşkilat əmin olmalıdır ki ətraf mühit idaəretmə sisteminin yaranması, həyata keçirilməsi və saxlanılmasında ən zəruri ətraf mühit aspektləri nəzərə alınıb.

  • Tətbiq və əməliyyatlar. Bura aşağıdakı məsələlər aiddir:
  1. resurslar, məsuliyyət və cavabdehlik;
  2. bacarıq, təlim və informasiya təminatı
  3. daxili kommunikasiya;
  4. sənədləşdirmə;
  5. sənədlərin nəzarəti;
  6. prosedurlara nəzarət;
  7.  fövqəladə hallara hazırlıq və
  8. əks-tədbirlər.
  • Yoxlama. Bura aşağıdakı məsələlər daxildir:
  1. müşahidə və ölçmə;
  2. uyğunluğun qiymətləndirilməsi;
  3. uyğunsuzluq, düzəliş və qabaqlayıcı tədbirlər;
  4. qeydlərə nəzarət;
  5. daxili audit;
  6. rəhbərliyin apardığı təhlil

İSO 14001-in əsas tələbləri

ISO 14001  tərəfindən təşkilatlara irəli sürülən əsas tələbləri aşağıdakı kimi ümumiləşdirmək olar.

1.    Təşkilat ekoloji siyasət işləyib hazırlamalıdır. Ekoloji siyasət - təşkilatın məramı və prinsipləri barədə onun fəaliyyətində, ekoloji məqsədlərin və məsələlərin müəyyənləşdirilməsində əsas tutulan xüsusi sənəddir. Ekoloji siyasət müəssisənin miqyasına, təbiətinə, fəaliyyətinin, məhsullarının və xidmətlərinin yaratdığı ekoloji təsirlərə uyğun olmalıdır. Ekoloji siyasətdə normativlərə uyğunluğa, həmçinin EMS-də «daimi yaxşılaşdırılmaya» və «çirklənmənin qarşısının alınmasına canatma barədə bəyanat olmalıdır. Sənəd təşkilatın bütün əməkdaşlarının nəzərinə çatdırılmalı və ictimaiyyət bununla bağlı məlumatlandırılmalıdır.

2.    Təşkilat öz fəaliyyəti, məhsulları və xidmətləri ilə bağlı ətraf mühitə əhəmiyyətli təsirləri müəyyənləşdirmək üçün prosedur işləməli və ona əməl etməlidir. Təşkilatın fəaliyyətinin, məhsullarının və xidmətlərinin ekoloji aspektləri ilə bağlı qanunvericiliyin bütün tələbləri sistemli şəkildə nəzərə alınmalıdır.

3.    Təşkilat əhəmiyyətli ekoloji təsirləri, qanunvericiliyi və digər tələbləri nəzərə almaqla ekoloji məqsədləri və məsələləri müəyyənləşdirməlidir. Məqsədlər və məsələlər ekoloji siyasətə əsaslanmalı, təşkilatda hər bir funksiya (fəaliyyət sahəsi) və səviyyə üçün müəyyənləşdirilməli, imkan varsa kəmiyyətcə ifadə olunmalıdır. Onları formalaşdıran zaman «marağı olan tərəflərin» (müəssisənin ekoloji fəaliyyəti maraqlarına toxunan, və ya bu aspektlərdən narahat olan istənilən qrup və ya vətəndaşların) baxışları nəzərə alınmalıdır.

4.    Qoyulmuş məqsədlərə nail olmaq üçün təşkilat ekoloji menecment proqramını işləyib hazırlamalıdır. Proqramda məqsədlərə və məsələlərin həllinə nail olmaq üçün məsul şəxslər, vəsaitlər və müddətlər müəyyənləşdirilməlidir.

5.    Təşkilatda məsuliyyətlərin müvafiq strukturu müəyyənləşdirilməli, sistemin işini təmin etmək üçün kifayət qədər insan, texnologiya və maliyyə resursları ayrılmalıdır. EMS-nin işinə təşkilat səviyyəsində məsuliyyət daşıyan şəxs təyin edilməlidir, həmin şəxsin vəzifəsinə ekoloji menecment sisteminin işi barədə rəhbərliyə dövri olaraq məlumat vermək daxil edilməlidir.

6.    Heyətin öyrədilməsi, həmçinin ştatdankənar vəziyyətlərə hazırlıq üzrə bir sıra tələblər yerinə yetirilməlidir.

7.    Təşkilat ətraf mühitə əhəmiyyətli təsir edə bilən fəaliyyətin əsas parametrlərinin ölçülməsini və monitorinqini həyata keçirməli, qüvvədə olan qanunvericiliyə və digər tələblərə uyğunluğunun dövri yoxlanılması üçün prosedurlar müəyyənləşdirməlidir.

8.    Təşkilatda EMS-nin qoyulmuş tələblərə və ISO 14001 standartının tələblərinə uyğun tətbiq olunduğunu və lazımi qaydada işlədiyini müəyyənləşdirmək məqsədilə onun dövri auditi keçirilməlidir. Audit həm müəssisənin özü tərəfindən, həm də kənar təşkilat tərəfindən aparıla bilər. Auditin nəticələri barədə müəssisənin rəhbərinə məruzə təqdim olunmalıdır.

9.    Təşkilatın rəhbəri adekvatlıq və effektivlik baxımından EMS-nin işini təhlil etməlidir. Ekoloji siyasətdə, məqsədlərdə və EMS-nin digər elementlərində dəyişikliklərə mütləq baxılmalı, auditin nəticələrinə, dəyişmiş vəziyyətə və «daimi yaxşılaşdırılma» istiqamətində göstəricilərə diqqət yetirilməlidir.

İSO 14001-in səmərələri

Standart bütün növ müəssisələr tərəfindən tətbiq edilə bilər və onun tədbiqindən aşağıdakı səmərələr əldə etmək olar:

  1. Korporativ imicin və müştərilərlə, ictimai təşkilatlarla və yerli icma nümayəndələrilə münasibətlərin yaxşılaşdırılması;
  2. Enerji və su ehtiyatlarının daha qənaətli istifadəsi, xammalın daha düzgün seçilməsi və tullantılardan nəzarət altında yenidən istifadəsi, eləcədə paylanma xərclərinin azaldılması vasitəsilə müəssisənin xərclərinin əhəmiyyətli dərəcədə azaldılması ;
  3. Qanunvericiliyin tələblərinə uyğunluq, xərclərin idarə olunması və imicin qorunması ilə bağlı risklərin düzgün idarə olunması;
  4. Ətraf mühit tələblərini yerinə yetirməklə daha az sığorta xərclərinə nail olunması;
  5. Müştərilərin, tərəfdaşların və təchizatçıların istəklərini daha çevik mənimsəmə və idarə etmə imkanının əldə edilməsi;
  6. Təşkilatın rəqiblərdən fərqlənmə potensialının və beləliklə rəqabətqabiliyyətliliyinin artması;
  7. Ətraf mühit dəyişikliklərinə müəssisə əməliyyatlarının daha çevik uyğunlaşması və risklərin azaldılması;
  8. Müəssisə daxili ətraf mühitin idarə edilməsi əməliyyatlarının təkmilləşdirilməsi və mütəxəssislərin bacarıqlarının artırılması;
  9. Ətraf mühit sahəsində qanunvericiliyin tələblərinin yerinə yetirilməsi və cərimə və məhkəmə işləri ehtimalının azalması; eləcədə tənzimləyici orqanların daha az yoxlamalarına məruz qalma imkanının əldə edilməsi;
  10. “Yaşıl” istehsal proseslərinin əhəmiyyət kəsb etdiyi bazarlarda yeni biznes imkanlarının əldə edilməsi;
  11. Xarici bazarlara çıxışın asanlaşması və ticarətdəki maneələrin aradan qalxması.

Düzgün hazırlanmış ƏMİS xərclərin aşağı salınma imkanını effektiv tapmağa kömək edir, başqa sözlə, o məhsulun maya dəyərini aşağı salan və ya onun dəyərini artıran idarəetmə və /və ya texnoloji innovasiya qərarlarını stimullaşdırır. Bu yaxşılaşdırılmalar müəssisələrə girişdə xammal və enerjidən tutmuş əmək ehtiyatlarına qədər resursların böyük spektrindən daha məhsuldar istifadə etmələrinə imkan verir və beləliklə, ətraf mühitə təsirin azaldılmasına çəkilən xərclər kompensasiya olunur.

Siyasətçilər, biznes liderləri, ətraf mühitin problemləri üzrə mütəxəssislər ənənəvi olaraq ətraf mühitə olan təsiri azaltmaq məqsədilə əsas diqqəti birdəfəlik xərclərə yönəldir və məhsuldarlığın artırılması ilə bağlı daha mühüm amillərə bəzən məhəl qoymurlar. Bir çox hallarda isə təşkilatlar müvafiq normativ aktların işlənməsinə müqavimət göstərir, onların tətbiqini ləngidirlər.

Müəyyən edilmişdir ki, çirklənmənin və ətraf mühitə təsirin aşağı salınması hər şeydən əvvəl rəqabət qabiliyyətini artırır. Ətraf mühit çox vaxt iqtisadi israfçılıq nəticəsində çirklənir. İstehsal prosesində yaranan tullantıların və zərərli maddələrin, enerji istehsalının, xidmətlərin nəticələrinin ətraf mühitə atılması resursların natamam və ya qeyri-effektiv istifadə olunmasının əlamətidir.

 Zərərli materiallar tam utilizasiya olunmadıqda və texnoloji proseslər pis idarə edildikdə təşkilatda resurslardan qeyri-effektiv istifadə daha açıq görünür, bu da artıq tullantılara və onların anbarlarda saxlanılmasına gətirib çıxarır. Bundan başqa ətraf mühitin çirklənməsi və ya enerjidən qeyri-effektiv istifadə olunması nəticəsində əlavə xərclər yaranır və resurslar itirilir.

Ekoloji yaxşılaşdırmaya yönəldilmiş səylər ənənəvi olaraq dolayı xərclərin nəzərə alınması ilə bağlıdır. Tullantıların müəyyənləşdirilməsi, emal edilmə metodlarının təkmilləşdirilməsi, zərərli maddələrin ayrılması vasitəsilə çirklənməyə qarşı nəzarətin artırılmasına yönəlik tədbirlər çox baha başa gəlir. Bu problem adətən «borunun ucunda (end of pipe) nəzarət» kimi məlumdur. Lakin, son illər daha qabaqcıl müəssisələr çirklənmə əleyhinə profilaktik tədbirlərin həyata keçirilməsi konsepsiyasını (bu, çox vaxt «mənbəyin azaldılması (source redustion)» adlanır) əsas götürürlər. Bu konsepsiyada problemin məhsulun ömür tsiklinin ilk mərhələlərində həll edilməsinə və çirklənmənin ətraf mühitə təsirinin azaldılmasına cəhd edilir. ISO 14001-də şərh edilmiş «fasiləsiz yaxşılaşdırma» konsepsiyası isə məhsulun və ya xidmətin ömür tsiklinin bütün mərhələlərində yaxşılaşdırılmasına zəmin yaradır.

Ətraf mühitin çirklənməsi çox vaxt məhsulun layihələndirməsindəki və ya istehsal prosesindəki qüsurları üzə çıxardığından, səylər çox vaxt proses və xidmətlərdə yaxşılaşmaya gətirir və məhsulların, proseslərin, əməliyyatların yerinə yetirilmə metodlarının yenidən layihələndirməsi hesabına ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azaltmaq mümkün olur.

Müəssisələr tərəfindən yeni ekoloji yanaşmaların həvəssiz tətbiq edilməsinin əsas səbəblərindən biri onların bu barədə kifayət qədər bilgiyə malik olmamalarıdır. İSO 14001 standartı obyektdə zəruri monitorinq aparmaya və ətraf mühitə birbaşa və dolayı təsirləri ölçməyə imkan verən ölçmə proseduralarının köməyi ilə bu nöqsanı aradan qaldırmağa şərait yaradır.

İSO 14001 standartını tətbiq etmiş müəssisələr tullantıların minimuma endirilməsi, enerjidən istifadənin effektivliyinin artırılması, su və material sərfinin azaldılması və s. kimi vəsaitlərə qənaət imkanlarını reallaşdıra bilirlər və İSO 14001 standartının tətbiqi ilə ətraf mühitə təsirlə bağlı həqiqi xərclərin sistemli təhlili onlar üçün asanlaşır ( məsələn, təkcə tullantıların kənarlaşdırılmasına birbaşa xərclərin yox, ətraf mühitə əsas təsirdən törənən sonrakı təsirlərlə bağlı xərclərin də nəzərə alınması yolu ilə).

İSO 14001-in səmərələrinə dair əyani sübutlar

İSO 14001 standartının tədbiqi ilə bağlı aparılmış araşdırmalar onun bir çox səmərələrini br daha üzə çıxarmışdır. Belə ki, Yeni Zellandiyada bir kağız istehsalı müəssisəsi standartın tətbiqi nəticəsində aşağıdakı səmərələri əldə etmişdir:

  • Enerjiyə qənaət – 15 %;
  • Suya qənaət – 55 %;
  • Kağız liflərin 50 % daha az itkisi;
  • Bərk tullantıların 30 % azaldılması və s.

 

Last Updated ( Tuesday, 12 January 2010 08:12 )  
Share to Facebook Share to Twitter Share to Linkedin Share to Myspace Share to Delicious Share to Google 

Əlaqə

R. Behbudov küç., 25, m.1
Az 1014; Bakı; Azərbaycan

(+ 994 12) 595 13 37; 415 96 63
(+ 994 50) 359 95 75; 640 23 10
office@asrgroup.az
http://www.asrgroup.az


You are here: Ana Səhifə ISO 14001