Mövcud iqtisadi böhrandan şirkətlərin uğurla çıxması bir neçə faktordan asılıdır ki, bunlardan risklərin düzgün idarəolunması, müştərilərin tələblərinə daha uyğun məhsul istehsal etməklə rəqabətdə udmaq, mövcud resurlardan səmərəli və qənaətlə istifadə, xərclərin azaldılması və s. amilləri göstərmək olar.
Bunun yanaşı standartın tədbiqi aşağıdakılar vasitəsilə şirktlərin iqtisadi böhrandan uğurla çıxmasına və ümumiyyətlə daimi inkişafına təsir edə bilər:
1. Xərclərin azaldılması. ISO 9001 standartının tətbiq edilməsi nəticəsində əldə olunan ən əsas səmərələrdən biri məhz müəssisənin əməliyyat xərclərinin azaldılmasıdır. Xərclərin azaldılması məhsul istehsalı, sınağı, saxlanılması və daşınması zamanı onların zay olması faizinin, eləcə də işçilərin və digər amillərin təsirindən dəyən zərərlərin minimuma endirilməsi, resurslardan qənaətlə istifadə, eyni işin təkrar yerinə yetirilməsi hallarının aradan qaldırılması, müştərilər tərəfindən geri qaytarılan məhsulların sayının xeyli azalması, məhsulların satıla biləcək qədər istehsal edilməsi, xərclərin dəqiq və şəffaf uçotunun aparılması, proseslərin nizamlı fəaliyyəti və düzgün sənədləşdirilməsi hesabına baş verir. Bütün bu tədbirlərin həyata keçirilməsi üçün standartda konkret mexanizmlər mövcuddur.
2. Riskin azaldılması və stabilliyin yaranması. ISO 9001 standartını tətbiq etdikdə müəssisənin bütün əməliyyatları nəzarətdə saxlanılır, aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün korrektəedici və qabaqlayıcı tədbirlər həyata keçirilir ki, bu da müəssisənin istehsal, satış və digər proseslərində riskin yaranmasını və müəssisənin müflis olması ehtimalını xeyli aşağı salır. Çünki, müəssisə öz bazarını tədqiq edərək satılacaq qədər məhsul istehsal edir və bazara çıxardığı məhsulları da müştərilərin istək və tələblərinə uyğun hazırlayır. Bu isə məhsulların anbarda yığılıb qalması ehtimalını azaldır ki, nəticədə müəssisə stabil fəaliyyət göstərir. Ümumiyyətlə, İSO 9001 tətbiq edən müəssisədə gözlənilməz hadisələrin baş verməsi və gəlirlərin dinamik dəyişməsi ehtimalı az olur ki, bu da müəssisənin müştəriləri və partnyorları arasında etibarın yaranmasına gətirib çıxarır.
3. Resursların səmərəli istifadəsi və düzgün nəzarət. İstənilən müəssisənin yüksək rentabelli və çevik fəaliyyətini təmin edən ən əsas amillərdən biri də müəssisə daxilində resurslardan qənaətlə və düzgün istifadədir. Bu baxımdan standartda insan resursları, infrastruktur və iş şəraiti ilə bağlı tələblər müəyyənləşdirilir. Burada keyfiyyətli və müştərilərini məmnun edəcək məhsul istehsalı üçün lazım olan resurslar müəyyənləşdirilir, onlardan istifadəyə asan çıxış təmin edilir, istifadə və nəzarət edilir və lazım gəldikdə dəyişikliklər edilir ki, bütün bunlar əməliyyatların zəruri resurslarla vaxtında və keyfiyyətli təchiz olunmasına gətirib çıxarır.
4. Bazarın dəyişikliklərinə çevik uyğunlaşma imkanı. ISO 9001 standartını tətbiq etməklə müştərilərin zövqlərində və istəklərində baş verən dəyişiklikləri müntəzəm izləmək imkanı əldə edən müəssisə həmin dəyişiklikləri vaxtında istehsal etdiyi məhsul və xidmətdə əks etdirir və bununla da məhsulun bazardakı dəyişikliklərdən geri qalmasının qarşını almaqla onların satışına nail olur.
5. Bazarlara rəqabətə qabiliyyətli məhsul və xidmətlərin çıxarılması və bazar payının artırılması. Müəssisələrin öz rəqiblərini üstələməsi üçün onların bazara keyfiyyətli və ucuz məhsul çıxartması lazımdır. ISO 9001 standartının tətbiqi nəticəsində həm müştərilərin zövqünə daha çox uyğun olan və keyfiyyətli məhsul istehsal edilməsinə, həm də yuxarıda qeyd etdiyimiz daxili səmərələr hesabına məhsulun maya dəyərinin aşağı düşməsinə imkan verir ki, bu da müəssisənin öz rəqiblərini üstələməsinə və getdikcə kəskinləşən rəqabətin öhdəsindən uğurla gəlməsinə səbəb olur. Ona görə də bəzi müəssisələr bu standartı rəqibləri tətbiq etdiyinə görə qəbul edirlər.
6. Marketinq siyasətinin düzgün təşkili. Yuxarıda qeyd olunan amillər ISO 9001 standartının marketinq aləti kimi istifadə edilməsinin səbəblərini açıqlayır. Məlum olduğu kimi marketinqin əsasını müştərilərin istəklərini izləməklə innovativ məhsul istehsalının və satışının təmin edilməsi təşkil edir ki, bunun da öhdəsindən ISO 9001 standartı uğurla gəlir. Standartda müştərilərin rəylərinin öyrənilməsi üçün mütəmadi sorğu və ya görüşlərin keçirilməsi, müştərilərin şikayətlərinin müəssisə daxilində ciddi nəzərdən keçirilməsi və müştərilərin məmnunluq səviyyəsinin qiymətləndirilməsi tələb olunur. Digər tərəfdən, təchizatçılarla qarşılıqlı səmərəli münasibətlərin qurulmasına da standartda xüsusi diqqət yetirilir. Bütün bunlar müəssisənin marketinq siyasətini düzgün qurmağa imkan verir.











